“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvançay ərazisində könüllü gənclərin “Təbiəti birgə qoruyaq!” şüarı ilə təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkil etdiyi aksiya çərçivəsində gənclər ərazidən tullantıları toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Təşkilatçı qurumların nümayəndələrindən Sənan Bədəlov və Saleh Həsənov ölkəmizin hər bir yerində, o cümlədən Naxçıvanda ətraf mühitin mühafizəsi, bütövlükdə ekoloji problemlərlə mübarizə sahəsində həyata keçirilən işlərdən, qazanılan nailiyyətlərdən bəhs ediblər. Əlavə olunub ki, gənclərin iştirakı ilə davamlı olaraq müxtəlif konseptli tədbirlər keçirilir, sosial layihələr icra olunur.
Qeyd edək ki, muxtar respublikanın müxtəlif yerlərində gənclərin birbaşa və ya yaxından iştirakı ilə reallaşan bu tipli aksiyalar ekoloji problemlərin həlli, təbiətə qayğı münasibətinin formalaşdırılması, cəmiyyətə bu məsələlərdə həssaslıq təlqin etmək və digər hədəflərə töhfə vermək məqsədinə xidmət edir.